12 Ekim 2014 Pazar

«Unudulmaz Müəllim»

     Rafil Cəlal oğlu İmanov 1949-cu il noyabrın 12-də Goranboy rayonun Faxralı kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində bitirib. Təhsilini Gəncə Dövlət Pedaqoji Universitetində davam etdirib. Riyaziyyat fakültəsinin məzunu olan Rafil İmanov 1970-1977-ci illərdə Balakəndə pedaqoji fəaliyyətə başlayıb. Əvvəl müəllim, sonra direktor müavini kimi çalışıb.1978-ci ildən isə Bakının 116, 48, 287, 245 nömrəli məktəblərində fəaliyyətinə davam edib. 1991-92-ci illərdə əvvəllər “Gələcək Zəkalar” adlanan liseyi yaradıb. 1992- 93-cü illərdə Xətai Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini ləyaqətlə yerinə yetirib. 2006-cı ildən 2014-cü ilə qədər isə 287 nömrəli “Zəkalar” liseyində işləyib. Rafil müəllim “Zəkalar” liseyini yaratmaqla Vətəni və xalqı qarşısındakı ən böyük xidmətini yerinə yetirib. 2013-cü ildə dövlətimiz Rafil İmanovun maarif sahəsindəki əməyini yüksək qiymətləndirərək onu “Azərbaycan Respublikanın əməkdar müəllimi” fəxri adına layiq gördü.
01 sentyabr 2014-cü il tarixində uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi.
                   Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun!
                   Rafil İmanov onu sevənlərin qəlbində özünə əbədi heykəl quraraq getdi.


                                                                                 RAFİL İMANOVUN ƏZİZ XATİRƏSİNƏ

                                                   UNUDULMAZ MÜƏLLİM

     Rafil müəllim haqqında “O, ensiklopedik biliyə malik bir şəxsiyyət idi” ifadəsini işlətmək çox doğru səslənər. Hərtərəfli biliyə, geniş dünyagörüşünə malik idi. Kimyaçı ilə kimyaçı, bioloq ilə bioloq, bağban ilə bağban, ədəbiyyatçı ilə ədəbiyyatçı idi. O qədər şeir, qəzəl bilirdi ki. Sinədəftər idi. Bəzən “riyaziyyatçıların hafizəsi güclü olur. Bu, ondan irəli gəlir.”,- deyə düşünürdüm. Amma yox. Məgər bütün riyaziyyatçılar buna qadirdirlər? Məgər onların hamısı bu qədər şeir bilir? Yox. Bu, Rafil müəllimin daxili dünyasından gələn bir istək, bir ehtiras idi. Deyirdi: “Yəni elə insan olar ki, öz dilini, tarixini, ədəbiyyatını bilməsin? Əgər biz vətənimizi və xalqımızı seviriksə, doğma dilimizə, bu dildə səslənən ədəbi nümunələrimizə necə xor baxa bilərik? Bunu əcdadlarımız bizə bağışlamaz”.
     “Azərbaycan dili” dərsliyi stolüstü kitabı idi. Boş olanda açıb vərəqləyirdi. Bəzən “Ay Təriş, (çox vaxt mənə belə müraciət edərdi) bu söz bizim vaxtımızda belə yazılmırdı axı. İndi qayda dəyişib? “- deyə soruşardı. Ədəbiyyatı isə lap çox sevirdi. Sədi, Şəhriyar, Nəsimi onun dilinin əzbəri idi. Yəqin, yeganə oğlunun adını “Sədi” qoyması da bu sevginin nəticəsi idi.
     Ədəbiyyat müəllimi olmağıma baxmayaraq, düşünürdüm ki, o şair və yazıçıların həyat və yaradıcılığını biz ədəbiyyatçılardan daha yaxşı bilir. Nə gizlədim, bəzən məndən kim haqqında isə soruşanda cavab verə bilməyəcəyimdən elə qorxurdum ki. Onun qarşısında həmişə özümü şagird olaraq görmüşəm. Birdən də olurdu ki, hansısa bir yazıçı haqqında danışırdıq və mən onun üçün yeni olan bir fikir deyirdim. Bu vaxt o, qaşlarını çatar, “Bunu bilmirdim. Mən niyə oxumamışam, görəsən? “- deyə öz-özünə deyinərdi. Onun etirafı xoşuma gələrdi. Ona görə yox ki, mən ondan çox bildim (bu, heç mümkün də deyildi), sadəcə onun reaksiyası mənim xoşuma gəlirdi. Başını bulaya-bulaya: “Yəqin, qocalıram. Çatdırıb hər şeyi oxuya bilmirəm”, — deyirdi. Mən də onun üçün Məşədi İbadın məşhur ”Nə qədər qoca olsam da, dəyərəm min cavana” ifadəsini səsləndirər, üzündəki təbəssümü görüb özümü xoşbəxt hiss edərdim. Mütaliəni çox sevirdi. Gündə ən azı iki saat kitab oxuyardı. Ya çox sevdiyi hansısa şeirdən bir-iki misra deyib dayanar, “Təriş, ardı necə idi?” – deyə soruşardı. Belə anlarda mən özümü dərsini pis bilən şagird kimi hiss edərək həyəcanlanar, bildiyim hər şeyi unutduğumu düşünərdim. Ancaq özümü ələ alıb ardını tamamlayar, onun üzündə məmnunluq ifadə edən gizli təbəssümü görəndə, rahat nəfəs alardım. Bəzən də, “eh, ay Rafil müəllim, məni az imtahan elə” deyib vəziyyətdən çıxmağa çalışardım. Şagirdlərinə də şeir əzbərlətməyi sevərdi. Hərdən xoşuna gələn bir şeirin surətini çıxartdırıb paylayardı uşaqlara və tapşırardı ki, əzbərləyib ona danışsınlar. Şeirdən böyük zövq alırdı. Bir dəfə Fikrət Sadığın şeirindən bəyəndiyim bir bəndi yazıb ona apardım. Şeir belə idi:
Çay tənbəl olanda dənizə çatmır, ölür.
Ağac tənbəl olanda o boy atmır, quruyur.
İnsan tənbəl olanda o yaşamır, sürünür.
Çaya da yazığım gəlir, ağaca da, amma insana yox.
     Bəyəndi. Dedi ki, insan gərək tənbəl olmaya. Ona verilən həyatın bir dəqiqəsini belə boş sərf etməyə. Özü belə bir insan idi. Vaxtının dəyərini bilirdi. Həyatda ən böyük ləzzəti dərs deməkdən alırdı.
     O qədər böyük ürəyi var idi ki. Şagirdlərinin hər uğuruna uşaq kimi sevinərdi, onları daha böyük nailiyyətlərə ruhlandırardı. Təvazökar idi. Heç vaxt deməzdi ki, mənim əməyimin nəticəsidir, deyərdi ki, şagird özü qabiliyyətlidir.
     Rafil müəllim qarşısındakı insanda güclü özünəinam yarada bilirdi. Bu, onun daha bir bacarığı var idi. “Pis şagird yoxdur, ona düzgün yol göstərə bilməyən müəllim var” deyirdi. Onun xarakterində geri çəkilmək yox idi, daima irəli anlayışı var idi. Bunu ətrafındakılara da təlqin edirdi. Elə bir şagirdi, elə bir tanıyanı olmaz ki, onun haqqında nə isə mənfi fikir söyləsin. Böyüklə böyük idi, kiçiklə kiçik.
     Əziz müəllimim, mən səni nə qədər çox istəyirəm, bir bilsən. Sənin vaxtsız itkin məni nə qədər yandırır, bir duysan. Sənsiz olan o sinif otağına mən necə girəcəyəm, sənin əlin dəyən əşyalara mən necə toxunacağam? Bunları fikirləşəndə, az qalır, dəli olam. Səni özümün böyüyüm, arxam, dayağım, dostum bilirdim. Onsuz da atadan yetim idim, onun iyini səndən alırdım. Bir də sən məni niyə yetim qoydun? Ziyarətinə gələndə “qorxma, qızım, sağalacağam, mən ölümə təslim olmayacağam”, — dedin. Bəs niyə sözünü tutmadın?Axı sən o kişilərdən idin ki, verdiyin sözə ölüm bahasına da olsa, əməl edərdin?! Mən sənin ölümünə hazır deyildim. Sənin yoxluğunu nə vaxtsa qəbil edəcəyimi də heç fikirləşmirəm. Çünki sən mənim qəlbimdəsən, mənim kimi minlərlə səni sevən, sənə pərəstiş edən şagirdlərinin ürəyində, beynindəsən.
     Düşünürəm ki, dünyaya onun kimi ikinci bir şəxsiyyət daha gəlməyəcək. Həqiqi insan, sözün əsl mənasında gözəl müəllim, ziyalı, ətrafındakılara öz işığını paylayan, yolunu aydınladan bir günəş idi Rafil müəllim. Bu günəş indi qürub etdi, son mənzilə yol aldı. Yox, mən düz demədim. Bu günəş heç bir zaman sönməyəcək, onun zərrəcikləri biz şagirdlərin qəlbində hər zaman parlayacaq, onun adını neçə-neçə nəsillərə çatdıracaq.

Tərlan Həsənova
287 nömrəli “Zəkalar” liseyinin Azərbaycan
dili və ədəbiyyat müəllimi
04.09.2014