İnşalar

                                                     MƏNİM ANA DİLİM 

    Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var.   
                                                                                             C.Məmmədquluzadə
     Dil millətin varlığı, onun mənəvi diriliyidir. Dil xalqın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Dilimiz  bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Mənim ana dilim Azərbaycan dilidir. O dil ki əsrlərin, nəsillərin sınağından qətiyyətlə keçərək bizə yadigar qalıb. Bu dil müqəddəs, əzəmətli və qüdrətli bir dildir. Dil həm də mədəniyyətdir, onu qorumaq və ona hörmətlə yanaşmaq lazımdır.
Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir-birimizə əhd-peymanımızdır.
Bu dil – tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın bizə miras qoyduğu
Qiymətli xəzinədir.... onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək. (B.Vahabzadə)
    Ana dili bizim beşikdə bələndiyimiz gündən eşitdiyimiz və öyrəndiyimiz dildir. Onu öyrənərkən ilk dəfə qığıldaya-qığıldaya işlətdiyimiz birinci söz “ana” olmuşdur. Biz həmin dildə analarımızın həzin laylalarını dinləmişik. Bu dildə nənələrimiz bizə şirin nağıllar söyləmişdir. Ana dili hamı üçün əziz və unudulmazdır.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim
Doğransam da, dilim-dilim. (X.R.Ulutürk)
     Deyirlər bir millətin mal-dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma ana dilini alsan, millət əldən gedər və ondan bir nişan qalmaz. Ana dili xalqın özüdür. Ana dilsiz həyat və milli sərbəstlik də, milli varlıq da yoxdur.
     Dilimiz zəngin bir dildir. Azərbaycan dilində yaranmış yüzlərlə nağıllar və hədsiz-hesabsız bayatılar, tapmacalar, atalar sözləri və məsəllər xalqımızın gözəl və zəngin dili ilə ifadə edilir. Məhəmməd Füzulini və Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundovu və Səməd Vurğunu xalqa sevdirən də məhz dilimizin zənginliyi və şirinliyidir.
     Dilimiz tarix boyu bir sıra çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdırmışlar.  Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətai tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsinə yüksəltmişdir. Onun dövründə fərmanlar türkcə yazılır, diplomatik sənədlər Avropa ölkələrinə türk dilində göndərilirdi.Onun bu sözləri hər bir azərbaycanlının dilinin əzbəridir: “Ey türk oğulları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cavahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın...”
       Hər bir insanın təkamülündə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalq məhvə məhkumdur. Ana dilimizi sevmək Vətəni, xalqı, milləti sevməkdir.  Ana dili bütün elmləri öyrənməyin açarıdır. Hər bir insan ilk növbədə öz dilini yaxşı bilməli, ədəbi dildə düzgün danışmağı və yazmağı bacarmalıdır. Heç vaxt dilə laqeyd olmamalı, etinasızlıq göstərməməliyik. Bizim vətəndaşlıq borcumuz əsrlərin, nəsillərin yadigarı olan ana dilimizin saflığını, varlığını hər vasitə ilə yaşadıb, gələcək nəsillərə ötürməkdir.  Ona görə də ulu babalarımızdan bizə miras qalmış ən qiymətli sərvətimiz olan ana dilimizi göz bəbəyimiz kimi qorumalı, ona daim qayğı ilə yanaşmalı, onun zənginləşməsi üçün əlimizdən gələni etməliyik. Çünki zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, parlaq gələcəyə malikdir.
İnşanı ulu öndərimiz Heydər Əliyevin sözləri ilə tamamlamaq istəyirəm: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil...”


                                                      MÜƏLLİM ƏN BÖYÜK BAĞBANDIR
                                                     
                                                                            Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi  
                                                                            müəllim olmaq cəmiyyət ücün, doğrudan da, 
                                                                            çox qiymətlidir.
                                                                                                       Heydər Əliyev.
     Bir  atalar sözündə deyilir ki, ağac və müəllim barı ilə tanınır. İbtidai sinifdə oxuyarkən
əzbərlədiyim bir şeir yadıma düşdü:
Ey hörmətli müəllim!
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Sayı-hesabı olmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.
     Doğrudan da, müəllimi bir bağbana bənzətmək olar. Əgər bağbanın barı əkdiyi ağacların
meyvəsidirsə, müəlllimin də barı onun yetirdiyi şagirdləridir. Necə ki bağban öz əkdiyi ağaclarla
qürur duyur, müəllim də öz yetirmələri ilə elə fəxr edir. Müəllimin ömrünü bir çırağa bənzətmək
olar. O, insanları aydınlığa çıxaran bir işıqdır. Müəllim–önündə başlar əyilən, hörməti ümman
qədər olan şanlı insandır. Şagirdlərinin uğurunu görən zaman sanki yenidən doğulur, yenidən
 yaşayır.
     Müəllimlər bizə yalnız bilik deyil, həyat dərsi də verirlər. Bizim uğursuzluqlarımıza kədərlənir,
sevincimizə sevinirlər. Müəllimlər bizim ikinci valideynlərimizdir. Onlara nə qədər təşəkkür etsək, 
azdır. Biz hamımız müəllimdən başlayırıq. Bizdəolan yaxşı xüsusiyyətlərin hamısı, demək olar ki, 
müəllimlərdən keçib: diqqət, müdriklik, dəqiqlik, təmənnasız sevmək, insanları başa düşmək və s.
     Biz müəllimlərimizə dəyər verməli, onların əməyini qiymətləndirməliyik. Bizim üçün etdikləri
 hər şeyə görə onlara minnətdar olmalıyıq. Müəllimlərin əməyi istisnasız olaraq hər kəs üçün
əhəmiyyətlidir. Məhz onların sayəsində hər il ali təhsil ocaqları, kolleclər tələbələrlə dolur. 
Müəllimlər uşaqlara yalnız biliklərini ötürmür, həm də qəlblərinin bir parçasını bəxş edirlər.
Müəllimlərimiz bizim məktəbdən sonrakı həyatımızda da hər zaman bizə kömək etməyə, nəsihət 
verməyə hazırdırlar.
     Məşhur filosof Sokrat deyirdi ki,  dünyada hər şeyə qiymət qoymaq olar, yalnız müəllimin
əsərinə qiymət qoymaq olmaz. Hansı peşə sahibi olursa-olsun, müəllimin onun həyatındakı rolu 
danılmazdır. Bugünkü həkimlər, mühəndislər, memarlar, nazirlər və s. hamısı müəllimlərdən
bəhrələnib, onun zəkasının nurundan pay alıblar.
Şair də doğru deyib:
Mən sənin ömrünü bənzədim nəyə,
Nə deyim səndəki yanar ürəyə?!
Neçə gül balanın tutub əlindən,
Çatdırdın bir parça halal çörəyə.
     Biz ömrümüz boyu müəllimlərimizə borclu olmalıyıq.





9 yorum: