Məqalələr

                                     AZƏRBAYCAN DİLİNDƏ ALINMA SÖZLƏR 

    
    
     Əsl Azərbaycan (türk) sözləri və alınma sözlər haqqında ilkin məlumatla şagirdlər orta məktəb kursunda V sinifdə tanış olurlar. X sinifdə isə bu məlumat bir qədər də dərinləşmiş şəkildə yenidən tədris olunur. Çox zaman şagirdləri maraqlandıran  bir sıra suallar meydana çıxır:  İndi belə zəngin olan dilimiz qədimdə necə olmuşdur? Onun keçmişini, daha doğrusu, qədim mənzərəsini öyrənmək olarmı? O, necə zənginləşmiş və inkişaf etmişdir? Dilin tarixi ilə insan cəmiyyətinin tarixi arasındakı əlaqə nə ilə izah olunur?
      Şagirdlərlə birgə apardığım araşdırmaları sizinlə də bölüşmək istəyirəm.
      Vaxtilə dilimiz yoxsul olmuşdur. Qədimdə ana dilimiz bu gün işlətməkdə olduğumuz sözlərin bir qismindən məhrum idi.
     Dilimizdə işlənməkdə olan pəncərə sözünü götürək. Uzaq keçmişdə evlər pəncərəsiz olduğu üzündən həmin sözü babalarımız işlətməmişlər. O zaman insanlara ev və qapı sözləri məlum idi. Bütün xalqlarda ibtidai evlərin ancaq qapısı vardı. Sonralar pəncərəyə kəskin ehtiyac hiss olunduğundan pəncərə və onu ifadə etmək üçün müstəqil söz yaranır. Fars dilində bu söz pənc (beş) və arə (ara) kimi müstəqil sözlərə parçalanır.
     Əvvəllər istiot insanlara məlum deyildi. O, xalqın məişətinə girəndən sonra həmin mədəni bitkini adlandırmaq üçün ehtiyac doğur. Burada sözün özünün xüsusiyyəti köməyə gəlir, yəni acı, yandırıcı olduğu üçün ona məlum olan isti sifətini əlavə etməklə yeni məfhum alınır.
     Deməli, dil meydana çıxmaqda olan yenilikləri əks etdirir.
     Qədimdən bu günə qədər xalqımız bir sıra xalqlarla əlaqə və münasibətdə olmuşdur. Buna uyğun olaraq dilimizə başqa dillərdən bir sıra sözlər keçmişdir.
Samovar sözü rus dilindən alınmışdır. Rus dilində onun mənası öz-özünə qaynayan
(само-вар) deməkdir. Dilimiz başqa dillərdən söz almaqla zənginləşir. Sual yaranır ki, niyə biz başqa dillərdən sözlər götürürük? Məgər dilimizdə onları ifadə etmək üçün sözlər əmələ gələ bilməzdimi? Bəli, əmələ gələ bilərdi.
     Vaxtilə torpaqlarımızda zəfəran yetişmirdi. Onu tacirlər Ərəbistandan gətirərdilər. Zəfəranla bərabər onu bildirən söz də hazır şəkildə dilimizə gəlir. Xalq onu ifadə etmək üçün başqa bir sözə ehtiyac hiss etmir. Beləliklə, zəfəran sözü dilimizə daxil olur.
      Bizim ana dilimizdə ən çox ərəb, fars və rus dillərindən keçmiş sözlər vardır. Onlar xalqımız tərəfindən qəbul olunaraq işlənir.
     Alınma sözlər dilə daxil olan ilk dövrlərdən dilimizin xüsusiyyətlərinə uyğunlaşmışdır. Bizdə olan adam (adəm), mağaza (maqazin), qəzet (qazeta), maşın (maşina), rezin (rezina), vedrə (vedro), fayda (faidə), qayda (qaidə) və s. kimi sözlər dilimizin quruluşuna uyğun şəkildə tələffüz olunur. Bu sözlər get-gedə işlənərək dilimizin doğma sözlərinə çevrilir, daha doğrusu, dilimizdə vətəndaşlıq hüququ qazanır.
      Dilimizdə ilk baxışda bizə rus sözləri kimi görünən, lakin əslində rus sözləri olmayan  bir sıra sözlər də vardır. Məsələn: “курорт “ sözü alman dilinə məxsus kur və ort sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, bunun da mənası müalicə yeri deməkdir. Alman dilində belə bir sadə mənası olan bu söz rus dilində və bizim dilimizdə başqa mənada işlənir, yəni onun mənası bir qədər genişlənmişdir.
     Dilimizdə işlənməkdə olan pomidor sözünün rus dilindən alındığına şübhə yoxdur. Təəccüblü burasıdır ki, həmin söz rus dilinə italyanlardan keçmişdir.
     İtalyanların dilində pomidor sözü vaxtilə iki sadə və müxtəlif  mənalı pomi (qırmızı) və doro (alma) sözlərinin birləşməsindən alınmışdır, yəni qırmızı alma.
     Həm bizim dilimizdə, həm də rus dilində karandaş sözünün işləndiyini hamımız bilirik. Keçmişinə görə karandaş mürəkkəb sözdür. O, qara və daş sözlərinin birləşməsindən əmələ gəlmişdir.
      Vaxtilə ruslar karandaş ixtira edildiyi zaman bizim dilimizdən qara daş ifadəsini götürərək işlətmişlər. Həmin sözlərdən alınan söz onların dilində yeni məna vermişdir.
     Ay adları ilə də bağlı maraqlı mülahizələr var. Onlar əvvəllər Roma təqviminə aid olmuş, sonralar bütün dünyaya yayılmışdır.
      Yanvar ayını bildirən söz Romada hər bir başlanğıcın allahı Yanusun adından alınmışdır. Bu ayın birinci günü Yanusa həsr edilərdi. Fevralın adını bildirən sözün  mənası  təmizlik ayı deməkdir. Həmin ayın ortasında romalılar yazın gəldiyi üçün bayram keçirərdi. Mart Romanın müharıbə allahı Marsın adındandır. Aprel ayının adı latın dilindəki aparire felindən əmələ gəlmişdir ki, bu da açmaq mənasını verir. Həmin ayda Romada yaz açılarmış. May romalıların yaz ilahəsi Mayinin adından götürülmüşdür.
     İyun adının əmələ gəlməsi haqqında iki rəvayət var. Birinci rəvayətə görə, o, kəbin və doğum hamisi olan Roma ilahəsi Yunonun adındandır. İkinci rəvayətə görə, iyunun adı  ilk Roma konsullarından biri olan Yuni Brutun adı ilə əlaqələndirilir.
      İyul ilk dəfə köhnə təqvimi islah etmiş Roma imperatoru Yuli Sezarın adı ilə bağlıdır. Yuli Sezar həmin ayda anadan olmuşdu. Avqust  ayını bildirən söz Roma imperatoru Avqustun adındandır.
     Sentyabr ayının adı latın dilində yeddini bildirən septem sözündəndir. Sentyabr mart ayından başlayan qədim Roma təqviminin yeddinci ayı idi. Oktyabr latın sözü olan okto (səkkiz) sözündən əmələ gəlmişdir. Həmin ay qədim Roma təqvimində səkkizinci ay sayılırdı. Noyabr latınca doqquzu bildirən novem sözündəndir. Vaxtilə noyabr ilin doqquzuncu ayını bildirərdi. Dekabr ayının adı isə latın dilində desem (on) sözündəndir. Keçmişdə həmin ayda ilin onuncu ayı bildirilirdi.
      Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər olmasın. Bütün dillərdə alınma sözlərə təsadüf edilir. Eyni zamanda bir sıra dillər dolayı yollarla öz  sözlərini başqa dillərə verir. Söz götürmə və söz vermə ancaq bir-birilə qonşuluqda və münasibətdə olan dillərə deyil, uzaq dillərə də aiddir.
     Bəzi sözlər başqa dillərdən gələrkən dilimizdə öz ilk mənalarında deyil, yeni mənada işlənir.
     Dilimizdə olan afərin sözü fars dilindəki afəridən felindəndir, mənası yaratmaq, xəlq etmək deməkdir. Fars dilində afərin sözü yaradan, xaliq mənalarını verir. Bizim dilimizdə isə o, başqa  mənada işlənir.
      Azar sözü fars dilində azurdən felinin köküdür. Həmin dildə o, təhqir, qəm, qüssə mənalarında işlənir. Bizim dilimizdə isə azar sözü xəstəlik mənasını verir.
      Azərbaycan dilində ləyaqət, bacarıq mənasında işlənən dəyanət sözünün kökü din sözü sayılır. Dəyanət sözü ərəb dilində isə dini qaydaları düzgün və dəqiq yerinə yetirməyi bildirir. Bizim dilimizdə isə o, yeni məna ifadə edir.
      Belə qəribə keçmişi olan sözlər dilimizdə çoxdur. Bir dildə müəyyən məna verən söz başqa dilə keçdikdə bəzən ilk mənasını itirir.
     Rus dilinə keçmiş elə türk sözləri var ki, onların izah edilməsinə ehtiyac duyulmur. Məsələn: айва – heyva, арбуз – qarpız, караул – qaravul, очак – ocaq, туман – duman, кочевать– köç etmək və s. Bunlar özlüyündə aydındır.
    İndi isə geniş açıqlama tələb edən sözlərin izahına başlayırıq.
1. Rusca “таскать” sözü türkcə “taşımaq” (daşımaq) sözü ilə bağlıdır.  Rusca “тащи”, türkcə
    "daşı" ("taşı")– “çək apar” sözlərini tutuşduraq. “Dəyirmana dən daşı” deyimi bəllidir.
2. Rusca “сунуть” sözü türkcə “sunmaq” (uzatmaq, təqdim etmək, vermək) sözü ilə bağlıdır.
    Böyük Füzuli deyir: “Saqiya, cam sun ol aşiqə kim, qayğuludur”.
3. Rusca “тыль” sözü türkcə “arxa” mənasında işlədilən “dal” (tal, tıl) sözü ilə bağlıdır. “Daldan
    atılan daş topuğa dəyər” məsəli bəllidir. 
4. Rusca “толстый” sözü türkcə “dolu-tolu” (kök, dolğun, yoğun)  sözü ilə bağlıdır.
5. Rusca “сыпать” sözü türkcə “səpmək” sözü ilə bağlıdır.
6. Rusca “бок “ sözü türkcə “bögür”(əsli: bokur) “böyür” sözü ilə bağlıdır.
7. Rusca  “искра” (qığılcım) sözü türkcə “isti sözünün qədim şəkli sayılan “issık”(issıkraq
    –isticə,ən isti) sözü ilə bağlıdır: issıkraq – iskra. Qığılcım odun zərrəsi, çınqasıdır.
    Qırğızıstandakı İssıkkul (İstigöl) gölünün adı bəllidir.
8. Rucsa “пища” sözü türkcə “bişmə” (bişmiş) sözü ilə bağlıdır: (b-p əvəzlənməsi)
    Tutuşduraq: baba-papa.
9. Rusca “чертеж” sözü türkcə “çərtmək” (cızmaq) sözü ilə bağlıdır. “Çərtmək” sözünə feldən
    isim düzəldən “-ış” şəkilçisi artırıldıqda “çərtiş” (çertiş) sözü  yaranmışdır. Ruslar “çertiş”
    sözünü deyilişdə “çertej” şəklinə salmışlar: чертиш- чертеж.
 10. Rusca “кусок” sözü türkcə “kəsik” sözü ilə bağlıdır.
 11. Rusca “гореть” (yanmaq), “горячий”(isti, qaynar) sözü türkcə “qor” (odun qoru-qığılcım)
       sözü ilə  bağlıdır. Qədim türklər ildırım tanrısını Quar adlandırmışlar. “Quar” sözünün “qor”
       şəklinə düşməsi təbii sayılmalıdır.
 12. Rusca “крайний” sözü türkcə “qıraq” (kırak) sözü ilə bağlıdır.
 13. Rusca “платить” (ödəmək) sözü türkcə “pul atmaq” deyimi ilə bağlıdır. “Pul atmaq”,
       “pul saymaq” deyimlərini “ödəmək” mənasında anlamalıyıq.
 14. Rusca “область” (vilayət) sözü türkcə “oba” , “obalaştı” sözü ilə bağlıdır. “Elim-obam”
       deyimi bəllidir.
 15. Rusca “пост” sözü türkcə “pusmaq” (güdmək) sözü ilə bağlıdır. Post – “pusqu  yeri”,
       “güdük yeri” deməkdir. Rusca “post” sözü orucluq, pəhriz (əsli:pakriz) mənası da bildirir.
       Oruc – post tutan adam öz  nəfsi üzərində nəzarəti gücləndirir. Oruc tutan adam öz nəfsinin
       istəklərini cilovlamaqla Tanrıya yaxınlaşır.
      Alınma sözlərin əksəriyyətinin elmin müxtəlif sahələrinə aid olan terminlərdən ibarət olduğunu bilirik. Elmin inkişafı yeni anlayışların yaranmasına səbəb olur.
      Milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur. Bir sıra yeni termin və anlayışlar var ki, onlar Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmişlər.
     Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların bəzilərinin tərcüməsi və izahını da sizlərə təqdim etmək istəyirəm.
1. Blum təsnifatı – Bilik, anlama, tətbiqetmə, təhlil, sintez və dəyərləndirmə kimi dərketmə
    proseslərinin iyerarxiyasını təsvir etmək üçün Benjamin Blum  tərəfindən təklif edilmiş ardıcıl
    nizamlanmış sxem.
2. Dekonsentrasiya – səlahiyyətlər və məsuliyyətlərin idarəetmə sistemində müxtəlif səviyyələri
    arasında bölünməsi və yuxarıdan aşağıya doğru paylanılması.
3. Diaqnostik test – Güclü, yaxud zəif cəhətlərin müəyyənləşdirilməsi və təhlili üçün tətbiq
    olunan test. Təhsildə problemləri olan şagirdlərin müəyyənləşdirilməsi məqsədi güdən
    diaqnostik testin nəticələrinə əsaslanaraq problemin aradan qaldırılması istiqamətində
    tədbirlər görülür.
4. Didaktik təlim – Nəqletmə vasitəsilə təlim. Didaktik təlim prosesində müəllim şagirdə mövzu
    üzrə nə düşünməli olduğunu çatdırır. Şagirdin vəzifəsi isə müəllimin dediklərini yadda saxlamaq
    və tələb olunanda ondan istifadə etməyi bacarmaqdır.
5. Disleksiya – oxu qabiliyyətinin pozulması – Oxu, yazı, orfoqrafiya və s. sahəsində bir-birinə
    təsir edən çətinliklərin birləşməsi. Bu çətinliklər sürətdə, qısamüddətli yaddaşda, uzlaşmada,
    dinləmə və görmə qabiliyyətində, nitqdə və s. görünə bilər.
6. Distant təhsil – Tədris prosesinin virtual rejimdə, ayrı-ayrı məkanlardan müəllim və şagird
    arasında informasiya texnologiyalarının köməyi ilə yazışmalar əsasında təşkil olunduğu formal
    təhsil üsulu.
7. Esse (Kiçik inşa testi) – Bu janrda yazılan əsər müəyyən qədər etiraf, (xatirədəki kimi)
    müəyyən qədər düşüncə (məqalədəkitək) və müəyyən qədər də təhkiyəni (hekayə kimi)
    özündə cəmləşdirir. Esseni xarakterizə edən prinsipial cəhət onun bu cür janrdankənar
    xüsusiyyətidir.Göstərilən janrlara xas hər hansı əlamətin üstünlüyü essenin asanlıqla
    xatirəyə, məqaləyə və ya hekayəyə çevrilməsinə gətirib çıxarır.
8. Formativ qiymətləndirmə  - tədris prosesi zamanı baş verən qiymətləndirmə növüdür.
    Formativ qiymətləndirmə müəyyən olunmuş göstəricilər əsasında şagirdlərin bilik və
    bacarıqlarının formalaşma səviyyəsini müəyyənləşdirməyə imkan yaradır və tədris
    prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı
    şagirdin daha irəliyə addım atması üçün müəllimlər tərəfindən ehtiyaclar müəyyənləşdirilir.
9. İnnovasiya – müxtəlif təşəbbüs və elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli,
    səmərəli yenilik və ixtiralar.
10. Kampus – müvafiq maddi-texniki baza və infrastruktura malik tələbə şəhərciyi  strukturunda
      təhsil kompleksi.
11. Karusel metodu – Bu üsula Fırlanğıc (Karusel) Metodu adının verilməsi, bir neçə şagird
      və ya tələbədən ibarət işçi qrupların müəyyən bir məsələnin həlli  üzərində növbə ilə
      işləyərək öz rəylərini ifadə etməsi ilə izah edilir. Məqsəd – müzakirələrdə bütün şagirdlərin
      fəal iştirakını təmin etməklə daha çox  nəticələr əldə etməkdir.
12. Kommunikativ yanaşma – Səhvlərin düzəldilməsindən daha çox fəal ünsiyyətə cəlb etmə
      prinsirinə əsaslanan, həmçinin xarici dillərin tədrisi zamanı geniş istifadə edilən öyrətmə üsulu.
13. Kurikulum –mənşəcə latın sözü olub, lüğəvi mənası “yol”, “istiqamət”deməkdir. Kurikulum
      təlim-tədris prosesilə bağlı bütün fəaliyyətlərin təşkilini əks etdirən konseptual sənəddir.
14. Portfolio(Qovluq) – Dərs ili ərzində öyrənən və öyrədənin fəaliyyətinə, təhsildə və şəxsi
      yaradıcılıqda əldə etdiyi nailiyyətlər, eyni zamanda uğursuzluqlara dair  materialları, müəyyən
      tapşırıqları, fərdi işləri əks etdirən  sənədlər toplusu. Qiymətləndirmə alternativ üsul kimi
      həmin məsələlər və sənədlər üzrə də aparıla bilər.
15. Mentor – Təhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbə-müəllimlərə, həmçinin
      pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərə kömək üçün təhkim edilən bilikli və təcrübəli
      məsləhətçi-müəllim.
16. Resurs mərkəzi – Audio-vizual materialların nümayişinə imkan yaradan texniki vasitələrə,
      çap və digər materiallar toplusuna, müəyyən məlumat bazasına malik  olan mərkəz.
17. Sertifikat – İmtahan nəticələri əsasında tədris kursunun məzununa təqdim edilən və onun təhsil
      nailiyyətlərini təsdiqləyən rəsmi sənəd.
18. Standartlar – Şagird nəticələrinin keyfiyyətini, təlim-tədris metodları və proqramını
      dəyərləndirmək üçün istifadə olunan razılaşdırılmış meyarlar və normalar.
19. Treninq (təlim) – Müəllim və ya hər hansı bir şəxsin  rəhbərliyi ilə həyata keçirilən
      məqsədyönlü təhsilvermə və tərbiyəvermə prosesi. Bu proses öyrədən və öyrənənin
      qarşılıqlı fəaliyyətinin vəhdətinə əsaslanır. 
20. Ziqzaq – Birgə öyrənmə strategiyası. İlk mərhələdə öyrənənlər təcrübəli qrupda iştirak
      edərək fənnin ayrı-ayrı aspektləri haqqında öyrənir, öz komandalarına qayıdaraq əldə
      etdikləri məlumatı qrupun hər bir üzvü ilə paylaşır və onu  ümumi məqsəd üçün tətbiq edirlər.
       Sınaq və qəbul imtahanlarında alınma sözlərlə bağlı test tapşırıqlarında bəzən şagirdlər çətinlik çəkirlər. Bu məqsədlə bir neşə testn izahını verməyi də məqsədəuyğun hesab edirəm.
TEST 1. Alınma sözlərdən ibarət cərgəni göstərin:
                     A) Ramiz, şahin, biz
                     B) təşkil, duyğu, hörgü
                     C) inanc, nəzm, bahar
                     D) şagird, alim, pəncərə
                     E) gömgöy, briqada, namaz
İzahı:  Şagird bilməlidir ki, sadə fellər, əvəzliklər (filan, bəzi və s.istisna olmaqla),  rəng bildirən sifətlər, saylar (həştad, milyon, milyard və trilyon istisna olmaqla) milli mənşəlidir. A bəndində biz, B bəndində duyğu, hörgü, C bəndində inanc, E bəndində gömgöy sözləri milli mənşəli sözlər olduğu üçün həmin bəndlər kənarlaşır. D bəndindəki sözlər isə alınmadır. Şagird və alim sözlərində ahəng qanunu pozulmuşdur.
Pəncərə sözü fars mənşəli, öz sözlərimizdən seçilməyən alınma sözdür.                            
 Doğru cavab: D bəndi
TEST 2. Hansı misradakı sözlərin hamısı alınmadır?
               A) Adam gərək görsün həqqi aradə. (M.P.Vaqif)
               B) Mədənisən felin, nazü qəmzənin.(Q.Zakir)
               C) Bülbül mənim əfqanimə qatlanmadı, uçdu. (Q.Təbrizi)
               D) Tanrı səni xoş camala yetirmiş. (Qurbani)
               E) Durna uçuban həvaya düşdü. (Ş.İ.Xətai)
İzahı: Bu test tapşırığında şagirdlərin fikrini fellərə yönəltmək kifayətdir. A, C, D, E variantlarında olan fellər həmin misrada milli mənşəli sözlərin olduğunu göstərir. B variantı isə tamamilə alınma sözlərdən ibarətdir.
Doğru cavab: B bəndi.
TEST 3. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin.
              A) narazı, nainsaf, naşükür
              B) bisavad, baməzə, narahat
              C) yurd, torpaq, oğul
              D) bixəbər, zülmkar, zalım
              E) katib, kitabxana, Rəna
İzahı: Bu test tapşırığı da şagirddən diqqət istəyir. Belə ki, dilimizdə olan ön şəkilçili sözlər ( nakişi, nadinc və natəmiz istisna olmaqla) A, B, D variantlarında işlənib. Deməli, alınma söz var. E variantındakı katib, Rəna sözləri uzun tələffüz olunan, kitabxana isə həm ahəng qanununa tabe olmayn, həm də 1 cür yazılan alınma şəkilçisi olan sözdür.
Doğru cavab: C bəndi.
     Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa aparıb çıxarır.
     Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini buna ən gözəl sübut kimi göstərə bilərik.

     İstifadə olunan mənbə:
1.Ş.Sədiyev . “Dil haqqında hekayələr”.
2.Təhsil lüğəti. Bakı 2011
3. ABİTYRİYENT. Azərbaycan dili. Test bankı I hissə 2001
4.Məmməd Elli “Rus dilində türk sözləri” məqaləsi.

                                                            Hazırladı: TƏRLAN HƏSƏNOVA
                                                            Bakı şəhəri Xətai rayonu 287 nömrəli 
                                                            “Zəkalar” liseyinin Azərbaycan dili və
                                                            ədəbiyyat müəllimi.




                Abdulla Şaiqin “Köç” hekayəsinin tədrisi praktikasından..
Dərslik: Ədəbiyyat 5 sinif. Müəlliflər: Soltan Hüseynoğlu, Bilal Həsənli,
 Əminə Səfərova, Əsgər Quliyev.
                                                 Tərlan HƏSƏNOVA,
                   Bakı şəhərindəki 287 nömrəli “Zəkalar” liseyinin müəllimi

      “Uşaq təxəyyülü barədə düşünərkən, üzərinə şeh damcıları düşmüş gülü göz
önünə gətirmək lazımdır. Gülü elə dərməlisən ki, şeh damcıları yerə düşməsin”.
                                                                             Görkəmli pedaqoq V.Suxomlinski
     Cəmiyyət üçün hərtərəfli inkişaf etmiş, tam savadlı, ədəbi dilə mükəmməl yiyələnmiş
 olan, aldığı biliyi həyatda həmişə tətbiq etməyi bacaran şagirdlər yetişdirmək qarşımızda
 duran əsas vəzifədir. Bu vəzifəni yerinə yetirmək üçün şagirdlərdə ana dilinə məhəbbət
oyatmaq, onun zənginliyindən istifadə etmək, səlis və rəvan danışıq bacarığı yaratmaq,
ümumiyyətlə, onların nitqini inkişaf etdirmək mühüm məsələlərdən biridir. Buna görə də
 müəllim durmadan öz üzərində işləməli, interaktiv təlim metodlarından, yeni tədris
 texnologiyasından istifadəyə xüsusi diqqət yetirməlidir. Kurikulum dərslərimizin daha
 maraqlı, daha rəngarəng keçməsinə şərait yaradır. İnteraktiv metodların imkanları bu
dərslərdə daha aydın meydana çıxır. Ədəbiyyat dərslərində müxtəlif metod və üsullardan
istifadə şagirdlərdə dünyagörüşünü formalaşdırır, hadisələrin iştirakçısı, vətəni sevmək
 və qorumaq hislərini yaşadır.
     Yeni metodla işləməyin çox böyük əhəmiyyəti vardır. Müəllimin qarşısında duran vəzifə
 şagirdlərə “nəyi öyrətmək?” yox, daha çox “necə öyrətmək?”dir. Mən də dərslərimi qurarkən
 çalışıram ki, şagirdlərin maraq və bacarıqlarını nəzərə alım. Dərslərimdə tez-tez istifadə
etdiyim bir neçə üsul və texnikalar var ki, onlar dərsin daha da canlı keçməsinə imkan
 yaradır. Bir mövzu əsasında onları sizinlə də paylaşmaq istəyirəm.
     V sinfin ədəbi materialları içərisində həcm etibarilə ən böyük olanı görkəmli uşaq
 yazıçımız Abdulla Şaiqin “Köç” hekayəsindən verilmiş parçalardır. Dərslik müəlliflərinin
uğurlu seçimlərinin nəticəsidir ki, şagirdlər həcmcə geniş olan bu ədəbi materialı oxumağa
 böyük həvəs göstərir və müəllimlər onun məzmununu, ideyasını mənimsətməkdə ciddi
çətinliyə rast gəlmirlər. Bu, hər şeydən əvvəl, əsərin V sinif şagirdlərinin yaşına, zövqünə
 və bilik səviyyəsinə çox uyğun gəlməsi, təsvir olunan hadisələrin macəra xarakteri
daşıması ilə əlaqədardır.
     “Köç” hekayəsində təbiətin, kənd məişətinin maraqlı və xoş bir lövhəsi çəkilir, oxucuda
 həmin həyata meyil, rəğbət yaradır. Abdulla Şaiqin bu hekayəsi dil, ifadə, üslub cəhətdən
uşaqların zövqü və tələbi üçün nəzərdə tutulmuşdur. “Köç” hamıdan çox uşaqlar üçün
maraqlıdır, çünki bu hekayə onlara yalnız ləzzət deyil, həm də kənd həyatı və təbiəti
 haqqında zəngin bilik verir.
     Motivasiya yaratmaq məqsədilə proyektor vasitəsilə Azərbaycan təbiətinin gözəl
lövhələri əks olunmuş bir neçə slayd təqdim edirəm. Şəkillər sırasında yaylaq həyatının
 təsviri də var.
-Nə üçün insanlar köç edir?
-Yaylağa köç nə vaxt başlanır? – kimi suallarla sinfə müraciət edir, cavabları dinlədikdən
sonra mövzumuzun Abdulla Şaiqin “Köç” hekayəsi olduğunu açıqlayıram.
     Əsər üzərində işə keçməzdən əvvəl şagirdlərin nəzərinə çatdırılır ki, A.Şaiqin atası
Gürcüstandakı Sarban kəndindən, indiki Marneulidən idi. A.Şaiqin ailəsi yay aylarında bu
bölgənin sərin və səfalı yerlərində istirahət edirdi. Bu zaman kiçik Abdulla maraqlı, zəngin
əhvalatlarla, hadisələrlə rastlaşır, insanları, təbiəti dərindən öyrənirdi. Yazıçı “Köç”
hekayəsində həmin dövrdə yaşadığı həyatla əlaqədar təəssüratlarından bəhs etmişdir.
    “Köç” hekayəsinin tədrisinə ayrılan 3 saat dərsin I və II saatları məzmun üzərində işə,
 III saatı isə təhlilinə ayrılıb.
     Oxunun təşkilindən əvvəl mətndə tanış olmayan sözlərin mənasına aydınlıq gətirirəm.
Lövhədə  “nəsim, oba, alaçıq, nəşə “  sözlərini izahı ilə birgə verir, cümlələrdə işlətməklə
şagirdlərə mənimsədirəm. Daha sonra əsərin oxusu həyata keçirilir.Məzmunu dərindən
və şüurlu öyrətmək üçün şagirdlərə yönəldici suallar verirəm:
1.Şəhərdə yaşayan ailə haraya və nə məqsədlə yollanır?
2.Hekayə kimin dilindən danışılır?
    Şagirdlər əsərin bir uşağın dilindən verildiyini, hekayədə şəhər uşağının yaylaqda rast
gəldiyi hadisələrdən, onun eşitdiklərindən bəhs olunduğunu söyləyirlər.
     Mətndə şəhərli uşağın obrazı, Kərim baba surəti və təbiət təsviri əsas yer tutur. Ona görə
 də hekayənin məzmunu öyrədilərkən bu üç məsələni əks etdirən əsas hissələrin üzərində
ciddi iş getməlidir. Bunu nəzərə alaraq, şagirdlərə daha bir sualla müraciət edirəm:
-          Hekayədə Azərbaycan təbiəti necə təsvir olunur?
     Bu sual şagirdlərdə vətənə məhəbbət, təbiətə vurğunluq oyatmaq baxımından çox
əhəmiyyətlidir.  Yazıçının peyzajı yaradarkən heç nəyi nəzərdən qaçırmadığı, dağları,
 düzləri, təpələri, cəh-cəh vuran quşları, hətta dağ havasından ürəkdolusu  nəfəs alan
 adamları da əlavə etdiyi göz önünə gətirilir, bütün bu fikirlər bir daha qeyd olunur.
      Sonra şagirdlərin nəzərini Kərim baba obrazına cəlb edirəm. Hekayədəki əhvalatların,
 demək olar, əksəriyyəti Kərim babanın dilindəndir. Bu əhvalatlar Kərim babanın gənclik
dövründəki fəaliyyəti, təbiətə, heyvanlar aləminə münasibəti haqqında təsəvvür yaradır.
Eyni zamanda  Kərim babanın şəxsiyyətinə və onun təbiət, heyvanlar barədəki söhbətlərinə
 maraq oyadır. Şagirdlərə oxuduqlarını əzbərləməyi yox, düşünərək, dərk edərək öyrənməyi
öyrətməliyik. Bir mövzunu uzun müddət yadda saxlamaq üçün ən yaxşı üsul o mövzunu
 araşdıraraq öyrənməkdir. Mövzunu təhlil etməklə həm onun ömrünü uzatmış oluruq, həm də
 əsərin ana fikrini tutmaq şagird üçün asan olur.
     Kərim babanın xarakterindəki başlıca cəhətləri mənimsətmək üçün “Kim çox tapar? “
adlı oyundan istifadə edirəm. Lövhədən sxem asıram:
                                                                         KƏRİM BABA
 










Şagirdlər yazmağa eyni vaxtda başlayırlar. Vaxt tamam olanda yazını dayandırırlar.
Dairəciklər sayılır, çox yazan şagird qalib olur.
     Mövzu ilə əlaqədar şagirdlərə şəkil çəkmək tapşırığı verirəm. Şagird var ki, şifahi
nitqi qüsurludur, danışmağa utanır, eləsi var ki, fikrini tam ifadə edə bilmir, özünə qapanır
 və s. Amma bu uşaqlarda əgər rəsm çəkmək bacarığı varsa, bu zaman onlar bu işə çox
həvəslə girişirlər. Bu, bir növ, həmin uşaqlarda özlərinə inam hissi yaradır. Çəkdikləri şəkilləri
 nümayiş etdirdikdə hansı şəklin daha yaxşı olduğunu da özləri müəyyənləşdirirlər.
      Təlim vaxtı şagirdlərdə maraq doğuran metodlardan biri də Proqnozlaşdırma
 texnikasıdır. Əsəri müəyyən bir hissəyə qədər oxudur, sonra şagirdlərə təklif edirəm ki,
ardını fikirləşib bədii əsəri öz variantları əsasında davam etdirsinlər. Bunun üçün aşağıdakı
 suallardan istifadə edilə bilər:
v  Siz necə fikirləşirsiniz, sonra nə olacaq?
v  Hadisələr necə cərəyan edəcək? Bu situasiya necə sona çatacaq?
v  Qəhrəmanın başına hansı işlər gələcək?
Şagirdlərə təklif edirəm ki, öz variantlarını qeyd etsinlər və əsər oxunub qurtardıqdan

 sonra fərziyyələrinin nə dərəcədə doğruluğuna baxsınlar.
     Mövzunun təhlili zamanı canlandırma yaratmaq məqsədilə “Dairəvi söhbət”
oyununu da maraqlıdır. “Köç” hekayəsi ilə bağlı bu mövzulara toxunuram: 1. Mən
 “Köç” hekayəsinin müəllifi olsaydım, ...  2. Mən şəhərli uşağın yerinə olsaydım, ...
3. Mən Kərim babanın yerinə olsaydım, ... və s.
     Bu oyun mövzunun məzmun və təhlili ilə əlaqədar şagirdlərin qazandıqları biliklərin
daha da möhkəmləndirilməsi və dərinləşdirilməsinə kömək edir.
     Mövzu ilə bağlı test tapşırıqlarının işlədilməsi  də xüsusi əhəmiyyətə malikdir.
“Köç” hekayəsi ilə bağlı aşağıdakı test suallarını da şagirdlərə işlədirəm.
     1.Yaylaq həyatı, təbiətin gözəlliyi şəhərli oğlanda hansı hisləri oyadır?
        A)Şəhər həyatı üçün çox darıxırdı.
        B)Azərbaycan təbiətinin gözəlliyinə heyran olmuşdu.
        C)Qoyun-quzu mələşməsi, itlərin hürüşməsi onu bezdirmişdi.
        D)Yaylağa gəldiyi üçün çox peşman olmuşdu.
     2.Biri Kərim babanın danışdığı əhvalatlara aid deyil.
        A)Borçalı meşəsində pələng ovu.
        B)Qurdun pələnglə boğuşması.
        C)Pusquda durub ceyranları seyr etməsi.
        D)Qızılın sürünü qurddan qoruması.
    3.“Köç” hekayəsindəki əhvalat ilin hansı ayında baş verir?
        A)fevral ayında
        B)may ayında
        C)avqust ayında
        D)noyabr ayında
    4.Abdulla Şaiqin “Köç” hekayəsində işlənən sözlərdən birinin mənası düz
       verilməmişdir.
       A)alaçıq – yanları açıq yaylaq tikilisi, dəyə
       B)oba – yurd, kiçik yaşayış məntəqəsi
       C)nəsim – yel, külək, meh
       D)nəşə - qəm, kədər            
   5.Abdulla Şaiqin “Köç” hekayəsi ilə bağlı fikirlərdən hansı səhvdir?
      A)Yazıçı bu hekayəni öz xatirələri əsasında yazmışdır.
      B)Əsərdə doğma təbiətimizin gözəlliyi barədə aydın təsəvvür yaranır.
      C)Əsərdə yaylaq həyatı, zəhmət adamlarının sadəliyi və səmimiliyi
 təsvir olunur.
      D)Hekayədə təsvir edilən yaylaq Gəncə yaxınlığında, Kəpəz dağı ərazisində
 yerləşirdi.                 
   6. “Köç” əsəri haqqındakı fikirlərdən hansı səhvdir?
       A)Əsərdə vətənimizin gözəlliyi, insanlarımızın xeyirxahlığı, igidliyi, təbiəti
sevmələri və qorumaları öz əksini tapmışdır.
       B)Hekayədə 11-12 yaşlı şəhərli bir oğlanın ailəsi ilə birlikdə yaylaqda
 istirahət edərkən gördüklərindən, eşitdiklərindən danışılır.
       C)Əsərdə gözəl təbiət təsvirləri vardır.
       D)Əsərin əsas qəhrəmanı Kərim babadır.
   7.“Köç” hekayəsində təsvir edilən yaylaq harada yerləşir?
      A)Azərbaycanın şimalında, Şəki-Zaqatala zonasında
      B)Borçalı mahalında
      C)Quba rayonunun ərazisində, Şahdağ meşələrində
      D)Astara-Lənkəran zonasında, Savalan dağı ərazisində
     Fəal dərsin mərhələlərindən biri də refleksiyadır. Refleksiya – artıq başa çatmış
prosesin şüurda inikasıdır. Mövzunun necə mənimsənildiyini yoxlamaq üçün şagirdlər
 daha bir neçə sualı cavablandırmalıdırlar.
1.Hekayədə ən çox xoşunuza gələn hissə hansı oldu?
2.Ovçuluq peşəsinin təbiətə xeyri və ziyanı varmı?
3.Şəhərli oğlan barədə nə düşünürsünüz?  Sizcə, onun xasiyyətindəki başlıca
 cəhətlər hansılardır?
     Cavablar dinlənilir , nəticə çıxarılır. Qiymətləndirmə müəyyən edilmiş meyarlar
əsasında aparılır.
     Şagirdlərin sərbəst və yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirməkdə şifahi
 təqdimatların, esse və inşa yazıların rolu böyükdür. “Köç” hekayəsinin yaratdığı
 təəssüratların uzunmüddətli olması üçün şagirdlərə  “Vətənin hansı səfalı yerlərində
 olmuşam” mövzusunda inşa yazmağı , “Hekayə mənim yaylaq həyatı haqqında
 təsəvvürümü necə dəyişdi” mövzusunda isə şifahi təqdimat hazırlamağı tapşırıram.
     Yazımı doğruluğuna əmin olduğum bir fikirlə tamamlamaq istəyirəm. Təlimdə
o zaman səmərəli nəticə almaq mümkündür ki, müəllim tədris etdiyi fənlə bərabər

şagird qəlbinin bir parçasına çevrilə bilsin. 















Hiç yorum yok:

Yorum Gönder